08.06.2018

Rus dili və ədəbiyyatı üzrə X olimpiada

Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulması münasibəti ilə mərasim keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov,  “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək qalibləri təbrik edib, bu cür olimpiadaların keçirilməsinin gənclərin intellektual zənginləşməsində, məktəblilərin  rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olması baxımından  mühüm rol oynadığını vurğulayıb.

“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov bildirib ki, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub.

Qobustan rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərindən Yekəxana kənd tam orta məktəbinin VII sinif şagirdi Adıgözəlov Mirşahin Çingiz oğlu olimpiadanın yekun mərhələsində yüksək nəticə göstərərək qalib olub.

Qeyd edək ki, olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.