08.05.2018

Respublika fənn olimpiadalarının nəticələri açıqlandı

Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final turu keçirilib. Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdləri iştirak edib.

Bu mərhələdə iştirak edən 780 şagird arasında Qobustan rayonunu 5 şagirdimiz təmsil edib. Rayonumuzu təmsil edən şagirdlərdən Şikar Şikarov adına Sündü kənd tam orta məktəbinin XI sinif şagirdi Ağaverdiyev Aydın Habil oğlu tarix fənni üzrə yüksək nəticə göstərərək II yerə laiq görülüb.

Şagirdimiz Ağaverdiyev Aydın Habil oğlu bununla üçüncü ildir ki, respublika fənn olimpiadalarında ardıcıl olaraq iki il birinci və bir il isə ikinci yerə laiq görülüb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarət olub.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.