27.02.2018

Xocalı soyqırımı-qan yaddaşımızın fəryadı

 

     Qobustan rayon İcra Hakimiyyətinin və Qobustan Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi.

       Tədbirdə  Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak   etdilər.

      Tədbiri Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Xocalı faciəsi barədə ətraflı məlumat verdi, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı. Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd edən natiq bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, məhz onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan edildiyini və ulu öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkə Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımların müsbət nəticələr verdiyini vurğulayan A.Məmmədov daha sonra bildirdi ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Natiq həmçinin qeyd etdi ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər miqyası ilə daha çox seçilir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir

         Anım mərasimi Mədəniyyət və Turizm Şöbəsinin Rayon Təhsil Şöbəsi ilə birlikdə hazırladıqları ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsibətləri, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdi.

 


Açar sözlər: